Braziliyada 45 yaşlı, iki uşaq atası Juan Viktor Batista Pineyro plastik əməliyyat zamanı həyatını itirib.
Need to Know nəşrinin məlumatına görə, kişi təxminən iki il ərzində həmin klinikada cavanlaşdırıcı prosedurlar etdirib və hətta müəssisənin reklam çəkilişlərində iştirak edib.
Sonuncu müraciətində onun gicgah nahiyəsində üz gərmə proseduru aparılması planlaşdırılıb. Anesteziya verildikdən və əməliyyata başlanıldıqdan bir müddət sonra kişinin ağzından köpük gəlib və ürəyi dayanıb.
Klinika əməkdaşları onun ürəyini yeddi dəfə reanimasiya etməyə çalışıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.
Ailə üzvlərinin sözlərinə görə, Pineyro sağlam həyat tərzi keçirib və müntəzəm idmanla məşğul olub. Sonradan ekspertlər onun hipertoniya xəstəliyinin olduğunu müəyyən ediblər.
Hazırda hüquq-mühafizə orqanları əməliyyat zamanı nə baş verdiyini araşdırırlar.
Klinika nümayəndələri bütün mümkün tədbirlərin görüldüyünü və hadisəyə operativ müdaxilə edildiyini bildiriblər. Ailənin vəkili isə klinikanın defibrilyatorla təchiz olunmadığını iddia edir.

