Abşeron rayonunun Ceyranbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, yanğın 10 mərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb.
Təhlükəsizlik məqsədilə binanın sakinləri təxliyə edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə tam söndürülüb və yanğının digər mənzillərə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

