Sumqayıt şəhərində daha bir iri ticarət mərkəzinin açılışı baş tutub.
Denmedia.az xəbər verir ki, şəhərin 10-cü mikrorayonunda yerləşən “Premium” marketin açılış mərasimi izdihamlı şəkildə keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, 44 günlük vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu, qazilər və şəhər sahibkarları eləcədə minlərlə sakin iştirak edib.
Açılışda çıxış edən Teymur Səmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını iştirakçılara çatdırıb. O, ölkə Prezidentinin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayaraq bildirib ki, Sumqayıtda bu sahənin inkişafı üçün geniş imkanlar yaradılıb:
> “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, xüsusilə sahibkarlığa dəstək istiqamətində mühüm addımlar atılır. Sumqayıt da bu baxımdan nümunəvi şəhərlərdən biridir. Burada yeni ticarət obyektlərinin istifadəyə verilməsi həm vətəndaşlara rahat xidmət göstərmək, həm də yeni iş yerləri açmaq baxımından əhəmiyyətlidir.”
Daha sonra rəmzi açılış mərasimi həyata keçirilib və sakinlər marketdən istifadə imkanı əldə ediblər.
Yeni açılan “Premium” market geniş çeşiddə ərzaq və gündəlik tələbat malları ilə seçilir. Sakinlər burada istədikləri məhsulları rahatlıqla əldə edə bilirlər. Açılış günü marketə üz tutan alıcılar həm məhsul çeşidindən, həm də qiymətlərin əlçatan olmasından razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, “Premium” marketin fəaliyyətə başlaması şəhər sakinlərinin alış-veriş imkanlarını daha da asanlaşdırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olub.