Abşeron rayonunda infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Masazır qəsəbəsində yolların abadlaşdırılması və asfaltlanması işləri sürətlə davam etdirilir.
Denmedia.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq qəsəbədə uzun müddət təmirə ehtiyacı olan küçə və məhəllədaxili yollar əsaslı şəkildə bərpa edilir.
Aparılan işlər çərçivəsində yol örtüyü yenilənir, yararsız vəziyyətə düşmüş hissələr tamamilə sökülərək yenidən asfaltlanır, eyni zamanda yol infrastrukturunun dayanıqlılığının artırılması üçün zəruri texniki tədbirlər görülür.
Layihənin əsas məqsədi qəsəbə sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Xüsusilə payız-qış mövsümündə yaranan çətinliklərin aradan qaldırılması baxımından bu işlər mühüm əhəmiyyət daşıyır.
Sakinlər görülən işləri yüksək qiymətləndirir, yolların abadlaşdırılmasının gündəlik həyatlarına müsbət təsir etdiyini bildirirlər. Onların sözlərinə görə, əvvəlki illərdə mövcud olan çala-çuxurlar və hərəkət üçün yaranan çətinliklər artıq aradan qalxır, qəsəbənin ümumi görünüşü isə xeyli yaxşılaşır.
Abşeronun qəsəbə və kəndlərdə sosial infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin mərhələli şəkildə davam etdiriləcəyi bildirilir.










Nizami Rəsulov
Denmedia.az

