Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində sakinləri sevindirəcək növbəti sosial layihə həyata keçirilir. Bayram ərəfəsində massivdə yerləşən Milli Qəhrəman Əliyar Əliyev küçəsində yeni istirahət guşəsinin salınması istiqamətində işlər sürətlə davam etdirilir.
Denmedia.az xəbər verir ki, layihə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin birgə fəaliyyəti nəticəsində reallaşdırılır.
Məqsəd sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün müasir və rahat ictimai məkan yaratmaqdır.
Ümumi sahəsi 3500 kvadratmetr olan yeni istirahət guşəsində geniş abadlıq işləri görülür. Ərazinin 1500 kvadratmetr hissəsində tamet örtüyü döşənəcək, 2000 kvadratmetr sahədə isə yaşıllıq zolaqları salınacaq. Burada ağac və dekorativ bitkilərin əkilməsi, sakinlərin rahatlığı üçün müasir istirahət infrastrukturu yaradılması nəzərdə tutulur.
Sumqayıt Bələdiyyəsinin rəhbərliyi də ərazidə aparılan işlərin gedişi ilə yaxından maraqlanıb, iş icraçılarına görüləcək işlərin keyfiyyətli və vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, yeni istirahət guşəsinin May ayının 10-da Ulu Öndərin Doğum dünündə sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Sumqayıt Bələdiyyəsindən verilən məlumata görə sözü gedən istirahət güşəsində Novruz Bayramı münasibəti ilə sakinlər üçün şənlikdə təşkil ediləcək.
Layihənin həyata keçirilməsi Yaşıldərə yaşayış massivində yaşayan insanların istirahəti və sosial mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nizami Rəsulov
Denmedia.az

