Sumqayıtda uzun müddət idi qəzalı olan iki mərtəbəli yaşayış binaları sökülür.
DenMedia.az xəbər verir ki, bununla bağlı FHN-i ərazidə söküntü işlərinə start verib.
Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli sökülməsinə başlayıblar.
Yeni layihənin Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə reallaşdırılacağı və həmçinin ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcəyi bildirilir. Bu işlər sakinlərin də ürəyincə olub.
Layihə çərçivəsində yeni binaların inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq meydançaları, park zonaları, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması da planlaşdırılır. Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, qəbul olunmuş baş planının tələblərinə uyğun olaraq şəhərin müasir inkişaf dinamikasını əks etdirən genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Bu çərçivədə istismar müddətini başa vurmuş, mövcud yaşayış standartlarına cavab verməyən köhnə binaların mərhələli şəkildə sökülməsi və onların yerində müasir tələblərə uyğun, təhlükəsiz və dayanıqlı yeni yaşayış komplekslərinin inşası həyata keçirilir. Hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir.
Gələcəkdə digər ərazilərdə də işlər aparılacaq.

