Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından olan şəhid Ramil Rəhimovun əziz xatirəsinə həsr olunan tədbir keçirilib və onun adını əbədiləşdirən xüsusi sinif otağının açılış mərasimi təşkil edilib.
Məktəbin direktoru Aygün Həsənova, şəhidin ailə üzvləri, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirdə qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaətdən və Vətən qarşısındakı müstəsna xidmətlərindən geniş bəhs olunub. Açılış mərasiminin en təsirli və qürurverici məqamı isə şəhid Ramil Rəhimovun yadigar qızı Dənizin məhz atasının adını daşıyan bu sinifdə birinci sinfə addım atması, ilk zəngin həyəcanını və sevincini məhz burada yaşaması olub.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Dənizin öz atasının adı ilə bəzədilmiş bu işıqlı sinifdə təhsil alması həm məktəb kollektivi, həm də gələcək nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün böyük bir qürur mənbəyidir.
Məktəb rəhbərliyi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əmanətlərinə hər zaman sahib çıxılacağını, onların adının və xatirəsinin məktəb divarları arasında daim uca tutulacağını xüsusi olaraq qeyd edib.
Ellada Rəsul
Denmedia.az

