ABŞ Prezidenti Donald Tramp Latın Amerikasından quru yolu ilə narkotik daşınmasının qarşısını almaq üçün genişmiqyaslı əməliyyata start verildiyini açıqlayıb. Bu barədə Ağ Ev məlumat yayıb. Trampın sözlərinə görə, bu addım dəniz marşrutları üzrə qaçaqmalçılığa qarşı uğurlu mübarizədən sonra atılıb.
ABŞ lideri bildirib ki, dəniz üzərindən narkotik axınlarının böyük hissəsi dayandırıldıqdan sonra Vaşinqton indi quru marşrutlarına fokuslanır. Onun sözlərinə görə, əməliyyatlar birbaşa cinayətkar şəbəkələrin təşkilatçılarını hədəf alacaq.
“Biz narkotik qaçaqmalçılığının 96 faizinin qarşısını dənizdə aldıq. İndi isə quru əməliyyatlarına başlayırıq. Quru yolu ilə bunu etmək daha asandır”, — deyə Tramp vurğulayıb.
Tramp eyni zamanda qeyd edib ki, zərbələr mütləq Venesuela ərazisinə endirilməyəcək. Onun sözlərinə görə, əsas hədəf ABŞ-a narkotik gətirilməsinə cavabdeh olan konkret şəxslər və qruplaşmalar olacaq.

