Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli partiyanın iclasında çıxışı zamanı bildirib ki, Amerika imperializmi qan qoxusunu alan köpəkbalığından daha təhlükəlidir. O, Venesuelada baş verən hadisələri “Karib dənizinin quldurları” filmi ilə müqayisə edib.
Denmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Haberler nəşri yazır.
“Ola bilsin ki, tarixdə quldurluqla adam oğurluğunun bu qədər üst-üstə düşdüyü başqa bir dövr olmayıb.
‘Karib dənizinin quldurları’ filmindəki hadisələr bütün dünyanın gözü qarşısında cərəyan edir”, – deyə o bildirib.
Siyasətçi qeyd edib ki, beynəlxalq hüquq zibil qabının dibindədir, insan hüquqları isə məhv edilməyə məhkumdur. O vurğulayıb ki, Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasını sadəcə qınamır, tamamilə lənətləyir. Bahçeli baş verənləri “utanc”, “qəddarlıq” və “insan hüquqlarına qəsd” adlandırıb.
“İmperialist dəlilik mərhələsi qanla ayrılmaz şəkildə bağlıdır.
Amerika imperializmi qan qoxusunu alan köpəkbalığından daha təhlükəlidir.
At oğurluğu ilə enerji daşıyıcılarının və qiymətli mineralların oğurlanması arasında heç bir fərq yoxdur.
Bütün dünya ABŞ hegemoniyasına qarşı qalxmalıdır.
Demokratiya və qanun bütün bəşəriyyət tərəfindən qorunmalıdır.
ABŞ şüşə vazadır və yerə düşdüyü an sınacaq”, – deyə Bahçeli bildirib.

