Myanmanın keçmiş lideri Aun San Su Çi həbsxanadan ev dustaqlığına köçürülüb. Bu barədə AP məlumat yayıb.
Onun cəza müddətinin Kason dolunay günü münasibətilə elan edilən geniş amnistiya çərçivəsində azaldıldığı bildirilir.
Myanmanın Hərbi İnformasiya İdarəsi və dövlət televiziyası aprelin 30-u axşam saatlarında 80 yaşlı Su Çinin fotosunu yayıb. Şəkildə o, ənənəvi ağ geyimdə, qarşısında hərbi və polis formasında şəxslərin oturduğu masada əyləşmiş vəziyyətdə görünür.
Bu, siyasi liderin 2021-ci ilin may ayından bəri yayılan ilk rəsmi görüntüsüdür.
Şəklin harada və nə vaxt çəkildiyi açıqlanmayıb.
Aun San Su Çi 2021-ci il fevralın 1-də baş verən hərbi çevrilişdən sonra həbs edilmişdi. Həmin vaxt ordu onun seçilmiş hökumətini devirmişdi.
O vaxtdan bəri Su Çi ictimaiyyət qarşısına çıxmamışdı.

