Belarus və ABŞ prezidentləri Aleksandr Lukaşenko ilə Donald Tramp şəxsi tanışlıq imkanı qazansaydılar, yaxşı dost ola bilərdilər. Bunu Amerika liderinin ruhani məsləhətçisi Franklin Qrem “Birinci İnformasiya” telekanalına müsahibəsində bildirib.
Respublika rəhbəri ilə görüşdən sonra təəssüratlarını bölüşən vaiz Lukaşenko ilə söhbətin onda çox müsbət təəssürat yaratdığını deyib. O qeyd edib ki, Belarus lideri fikirlərindəki birbaşalığı və səmimiyyəti ilə ona Trampı xatırladır.
Mən həqiqətən inanıram ki, əgər onların bir-biri ilə görüşmək imkanı olsaydı, dostlaşardılar. Prezident Lukaşenkoya məsləhət gördüm ki, prezident Trampı Minskə dəvət edib onunla qolf oynasın,
— deyə Qrem bildirib.
Qrem belə bir görüşün bir gün baş tutacağına ümid etdiyini vurğulayıb və əlavə edib ki, Belarus Amerika prezidentinin xoşuna gələrdi. Onun fikrincə, Tramp Minsk ilə münasibətləri yaxşılaşdırmaq istəyir, hər iki lider isə Ukrayna üzrə nizamlanma prosesində sülh danışıqlarına töhfə verə bilər.
Qrem həmçinin Lukaşenkonun fəaliyyətini yüksək qiymətləndirib və onun hakimiyyəti illərində ölkənin “heyrətamiz irəliləyiş” əldə etdiyini qeyd edib.

