Konqo Demokratik Respublikasında Ebola virusundan ilk ölüm hallarını əvvəlcə “lənət”lə əlaqələndiriblər. Bu səbəbdən həyəcan siqnalı gec verilib və virus artıq daha geniş yayılmağa imkan tapıb.
Bu barədə Africanews məlumat yayıb.
Nəşrin məlumatına görə, ilk ehtimal olunan yoluxma halları aprelin ortalarında İturi vilayətinin mədən bölgəsi olan Monqbvalu rayonunda qeydə alınıb.
Konqonun səhiyyə naziri Samuel Roje Kamba bildirib ki, yerli icmada insanlar xəstəliyin ənənəvi liderlər tərəfindən qoyulan “lənət” nəticəsində yarandığını düşündükləri üçün təhlükə barədə xəbərdarlıq gec yayılıb.
Təəssüf ki, icmada həyəcan siqnalı yavaş yayıldı. Çünki insanlar ənənəvi liderlər tərəfindən qoyulan lənətin yaratdığı mistik xəstəlikdən əziyyət çəkdiklərini düşünürdülər,— deyə nazir bildirib.
Yerli sakinlərin sözlərinə görə, vəziyyət Monqbvalu bölgəsində bir ailənin yaxınlarının cənazəsini Bunia şəhərindən aldıqdan sonra tabutu dəyişmək qərarına gəlməsindən sonra pisləşib. Bildirilir ki, ailənin gənc üzvləri əvvəlki tabutu yandırıblar, halbuki ənənəvi hakimiyyət nümayəndələri müəyyən ritualların keçirilməsini tələb edirdilər.
Bundan sonra bölgədə ölüm hallarının artdığı, bəzən gündə 5 nəfərədək insanın həyatını itirdiyi bildirilir. Yerli sakin Con Vatsosi qeyd edib ki, məhz bu hadisələrdən sonra insanlar ölümlərin “lənət”lə bağlı olduğunu düşünməyə başlayıblar.
Bu fonda xəstələrin bir hissəsi həkimlərə deyil, xalq təbiblərinə müraciət edib. Digərləri isə kilsələrə və dua toplantılarına gedərək dini ayinləri artırıblar.
Mütəxəssislər bildirirlər ki, belə hallarda tibbi yardımın gecikməsi virusun yayılmasını daha da sürətləndirə bilər. Ebola kimi təhlükəli infeksiyalarda erkən diaqnoz, təcrid və sanitar qaydalara ciddi əməl olunması həyati əhəmiyyət daşıyır.

