ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının DFC rəhbəri Ben Blekin həbsxanada ölü tapılan Ceffri Epşteyn ilə əlaqələrinə dair yeni detallar üzə çıxıb.
The Guardian nəşrinin məlumatına görə, Epşteynə məxsus 5000-dən çox elektron məktub araşdırılıb və bu yazışmalarda Ben Blek ilə münasibətlərə dair yeni məlumatlar ortaya çıxıb.
Eyni şirkətə yatırım etdikləri üzə çıxdı
Məlumata əsasən, Ben Blek və onun bəzi ailə üzvləri 2011-ci ildə Epşteynin paravan şirkəti vasitəsilə səhmdarı olduğu Environmental Solutions Worldwide ESWW adlı şirkətə yatırım ediblər.
Həmin il Ben Blek və qardaşı Coşua Blek bu şirkətdə rəhbər vəzifələrdə çalışıblar.
Bundan başqa, investor Leon Blekin daha əvvəl Epşteynə həmin yatırım məsələsində məsləhət verdiyi bildirilir.
Elektron məktublara görə, Ben Blek ilə Epşteyn arasında əlaqələrin 2012-ci ilə qədər uzandığı iddia olunur. Tərəflər arasında müxtəlif görüşlərin planlaşdırıldığı, Epşteynin Blekin ad günü tədbirinə qatıldığı və bəzi özəl tədbirlərdə iştirak etdiyi irəli sürülür.
Lakin Ben Blekin vəkilləri bu iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, Epşteyn ətrafındakı əlaqələri tez-tez şişirdir və özünü olduğundan daha təsirli göstərməyə çalışırdı.
Ev alışı ilə bağlı məsləhət iddiası
Araşdırılan yazışmalarda Epşteynin Ben Blekə milyonlarla dollarlıq ev alışı ilə bağlı maliyyə məsləhətləri verdiyinə dair ifadələrin də olduğu bildirilir.
Ben Blekin atası Leon Blekin adı da daha əvvəl Epşteyn dosyelərində hallanmışdı və ikili arasındakı maliyyə münasibətləri ictimaiyyətdə müzakirə yaratmışdı.
Epşteyn dosyesi illərdir gündəmdədir
Azyaşlı qızlara qarşı istismar və qanunsuz şəbəkə yaratmaq ittihamları ilə mühakimə olunan Ceffri Epşteyn 2019-cu ildə Manhettendə saxlanıldığı həbsxanada ölü tapılmışdı.
Epşteyn dosyelərində illər ərzində siyasət, biznes və əyləncə dünyasından çox sayda tanınmış şəxsin adı çəkilib. ABŞ rəsmiləri isə apardıqları araşdırmalardan sonra Epşteynin kamerada öz həyatına son verdiyi nəticəsinə gəldiklərini açıqlamışdılar.

