ABŞ İranla imzalanmış qarşılıqlı anlaşma memorandumunun rəsmi mətnini açıqlayıb. Bu barədə CNN yüksək vəzifəli Amerika administrasiyası rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, 14 bənddən ibarət sənəd “Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında İslamabad qarşılıqlı anlaşma memorandumu” adlanır.
Sənədin birinci bəndində bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırılması nəzərdə tutulur. Tərəflər bir-birinə qarşı müharibə, hərbi əməliyyat və güc tətbiqi hədəsindən imtina etməli, həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünə riayət etməlidirlər.
Memorandumun ikinci bəndində ABŞ və İranın bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi, daxili işlərə qarışmaması qeyd olunur.
Üçüncü bəndə əsasən, yekun razılaşma ən çox 60 gün ərzində razılaşdırılmalıdır. Bu müddət tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.
Dördüncü bənddə memorandum imzalandıqdan dərhal sonra ABŞ-ın İrana qarşı dəniz blokadasını və digər maneələri aradan qaldırmağa başlaması nəzərdə tutulur. Bu prosesin 30 gün ərzində tamamlanacağı bildirilir. Yekun razılaşmadan sonra ABŞ qüvvələrinin İran yaxınlığındakı bölgələrdən çıxarılması da bu müddət çərçivəsində həyata keçirilməlidir.
Beşinci bəndə görə, İran Fars körfəzindən Oman körfəzinə və əks istiqamətə kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün maksimum səy göstərəcək. Bu rejim ilkin olaraq 60 gün müddətinə nəzərdə tutulur. Həmçinin minaların təmizlənməsi işlərinin 30 gün ərzində aparılacağı bildirilir.
Altıncı bənddə ABŞ-ın regional tərəfdaşlarla birlikdə İranın bərpası və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollar həcmində plan hazırlaması nəzərdə tutulur.
Yeddinci bənd ABŞ-ın İrana qarşı BMT Təhlükəsizlik Şurası qətnamələri, MAQATE qərarları və birtərəfli Amerika sanksiyaları daxil olmaqla bütün məhdudiyyətləri razılaşdırılmış qrafik əsasında dayandırmasını nəzərdə tutur.
Səkkizinci bənddə İranın nüvə silahı hazırlamaq və əldə etməkdən imtina etdiyini yenidən təsdiqlədiyi qeyd olunur. Zənginləşdirilmiş materialların taleyi isə tərəflər arasında razılaşdırılacaq mexanizm əsasında müəyyənləşdiriləcək. Minimum variant kimi materialların MAQATE nəzarəti altında yerində zəiflədilməsi göstərilir.
Doqquzuncu bənd tərəflərin yekun razılaşmaya qədər mövcud vəziyyəti qorumasını nəzərdə tutur. Buna əsasən, İran nüvə proqramını hazırkı səviyyədə saxlamalı, ABŞ isə yeni sanksiyalar tətbiq etməməli və regiona əlavə qüvvə yerləşdirməməlidir.
Onuncu bəndə görə, memorandum imzalandıqdan sonra ABŞ Maliyyə Nazirliyi İran nefti, neft məhsulları və onlarla bağlı xidmətlərin ixracına icazələr verməyə başlayacaq. Bu xidmətlərə bank əməliyyatları, sığorta və daşınma da daxildir.
On birinci bənddə İranın dondurulmuş və ya məhdudlaşdırılmış vəsaitlərinin istifadəyə açılması nəzərdə tutulur. Bu vəsaitlər İran Mərkəzi Bankının müəyyən etdiyi son alıcıya ödəniş üçün yararlı olmalıdır.
On ikinci bənd memorandumun icrasına və gələcək yekun razılaşmaya nəzarət üçün icra mexanizminin yaradılmasını nəzərdə tutur.
On üçüncü bəndə əsasən, tərəflər memorandumun əsas müddəalarının icrasına başlanıldıqdan sonra yekun razılaşma üzrə danışıqlara davam edəcəklər.
Sonuncu — on dördüncü bənddə isə yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə rəsmiləşdiriləcəyi qeyd olunur.

