Meta-nın qurucusu Mark Zukerberqə məxsus 300 milyon dollarlıq “Launchpad” superyaxtası Alyaska sahillərində baş verən insidentdən sonra tənqid olunub.
Alaska Beacon-un məlumatına görə, Cuno ilə Peterburq arasındakı ərazidə kiçik bir qayığın yanacağı bitib və kömək siqnalı verilib. Lakin hadisə yerinə daha yaxın olduğu bildirilən “Launchpad” marşrutuna davam edib.
Qayığa sonda “Wilderness Legacy” kruiz gəmisi yardım göstərib və onu Farragut körfəzinə çəkib aparıb.
Zukerberqin nümayəndəsi Brayan Beyker isə ittihamları rədd edib. Onun sözlərinə görə, yaxtanın heyəti kömək siqnalını öz radio kanalında eşitməyib, məlumatı əldə etdikdə isə başqa gəmilər artıq yardım göstərirdi.
Beyker həmçinin insident zamanı Mark Zukerberq və həyat yoldaşının yaxtada olmadığını bildirib.

