ABŞ-da Kaliforniyada qızıl axtarışı dövrünə aid nadir sikkə hərracda 354 375 dollara satılıb. Sikkənin nominal dəyəri isə cəmi 10 dollardır.
Daily Mail nəşrinin məlumatına görə, 1852-ci ildə hazırlanmış qızıl sikkə nadirliyi və yaxşı qorunub saxlanılması səbəbindən kolleksiyaçıların böyük marağına səbəb olub.
Sikkə Kaliforniyada qızıl axtarışı dövründə fəaliyyət göstərmiş Wass, Molitor & Company şirkəti tərəfindən hazırlanıb. Şirkətin əsasını San-Fransiskoya köçmüş macar əsilli mühacirlər Samuel Vass və Aqoston Molitor qoyublar.
Şirkət XIX əsrin ortalarında qızıl sikkələr istehsal edib. 1854-cü ildə San-Fransiskoda dövlət zərbxanasının açılması isə özəl sikkə istehsalının azalmasına səbəb olub.
Hərracda satılan sikkə bu günə qədər məlum olan altı nümunədən biridir. Mütəxəssislər onun qorunma vəziyyətini olduqca yüksək qiymətləndirirlər.
Sikkənin üz tərəfində Azadlıq ilahəsinin təsviri və ABŞ-ın müstəqilliyini ilk elan edən 13 koloniyanı simvolizə edən ulduzlar yer alıb.
Arxa tərəfində isə sinəsində qalxan olan, caynaqlarında oxlar və zeytun budağı tutan ağbaş qartal təsvir edilib.
Sentyabrın 27-də keçirilən hərracda sikkəni əldə etmək üçün 16 nəfər mübarizə aparıb. İştirakçılar ümumilikdə 74 qiymət təklifi irəli sürüblər.
Nəticədə 10 dollarlıq qızıl sikkə 354 375 dollara anonim kolleksiyaçıya satılıb.
Mütəxəssislər bu cür tarixi sikkələrin yüksək qiymətləndirilməsini onların nadirliyi, tarixi əhəmiyyəti və qorunma vəziyyəti ilə əlaqələndirirlər.

