Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi ölkənin gələcək rəhbəri postuna üstünlük verilən namizədlə bağlı qeyri-rəsmi sorğuda birinci yeri tutub.
Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Sentyabrda keçirilən sorğuda 549 954-dən çox iştirakçıdan 141 502-si Aişə Qəddafiyə səs verib. O, ən yaxın rəqibini 30 227 səslə qabaqlayıb.
Təşkilatçılar vurğulayıblar ki, səsvermə qeyri-rəsmi xarakter daşıyıb və nə seçki, nə də referendum hesab olunur.
Eyni zamanda, keçmiş Liviya liderinin tərəfdarlarını birləşdirən bir neçə təşkilat Aişəni qardaşı Seyf əl-İslam Qəddafinin ölümündən sonra hərəkata rəhbərlik etməyə çağırıb.
“Fezzan qadınları” təşkilatı onun namizədliyini dəstəklədiyini açıqlayıb. Seyf əl-İslamla əlaqəli “Xalq Milli Hərəkatı” isə Aişə Qəddafini keçmiş rejimin tərəfdarlarının yeni lideri kimi tanıdığını bildirib.
Ali Tayfalar Şurasının üzvü Əşrəf Əbdül Fəttah Al Hadath-a bildirib ki, keçmiş rejim tərəfdarlarının əhəmiyyətli hissəsi Qəddafinin qızını hərəkata rəhbərlik etmək üçün ən uyğun şəxslərdən biri hesab edir. Bununla belə, bu rolu qəbul edib-etməmək barədə qərar Aişə Qəddafinin özündən asılıdır.
Aişə Qəddafi Müəmmər Qəddafinin yeganə bioloji qızıdır. Qəddafinin səkkiz bioloji və iki övladlığa götürülmüş övladı olub. 2011-ci ildə atasının hakimiyyətdən devrilməsindən sonra Aişə Liviyanı tərk edib, əvvəlcə Əlcəzairə, daha sonra isə siyasi sığınacaq aldığı Omana gedib.
Onun böyük qardaşı, 53 yaşlı Seyf əl-İslam Qəddafi bu ilin fevralında Liviyanın şimal-qərbində yerləşən Zintan şəhərindəki evində öldürülüb.

