İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-la davam edən müharibənin gələcəyi ilə bağlı açıqlama verib.
Denmedia.az xarici mətbuata istinadla xəbər verir ki, o bildirib ki, Tehran bir tərəfdən danışıqlara hazırdır, digər tərəfdən isə mümkün yeni hücumlar qarşısında geri çəkilməyəcək. Araqçının sözlərinə görə, diplomatik həll üçün imkan hələ də qalır.
İran Vaşinqtona yeddi günlük yol xəritəsi təqdim edib. Planda Hörmüz boğazının normal dəniz nəqliyyatı üçün yenidən açılması və ABŞ-la danışıqların bərpası nəzərdə tutulur. Tehran bunun müqabilində ABŞ-dan dəniz blokadasını aradan qaldırmağı, İranın neft satışına tətbiq edilən məhdudiyyətləri yumşaltmağı və digər tələb olunan addımları atmağı istəyir.
Araqçı bildirib ki, “masada kifayət qədər məqbul plan var” və İran tərəfi ABŞ-ın bu təklifə vasitəçilər üzərindən rəsmi cavabını gözləyir. Onun sözlərinə görə, Trampın planı qəbul etmədiyi barədə açıqlamalar eşidilsə də, Tehrana hələlik vasitəçilər vasitəsilə yekun rəsmi mövqe çatdırılmayıb.
İranlı nazirin açıqlamasında ən diqqətçəkən məqamlardan biri mümkün yeni hərbi hücumlarla bağlı olub. Araqçı bildirib ki, İran müharibənin yenidən başlaması ehtimalına tam hazırdır və yeni hücum olacağı təqdirdə müqavimət göstərəcək. Bununla yanaşı, o, Tehranın diplomatiyaya da açıq olduğunu vurğulayıb.
Araqçının sözlərinə görə, bundan sonrakı seçimin danışıqlar və ya yeni hərbi qarşıdurma arasında olması ABŞ Prezidenti Donald Trampın qərarından asılıdır. Tramp isə daha əvvəl İranın son təklifini qəbul etmədiyini bildirsə də, tərəflər arasında yeni dolayı danışıqların yaxın günlərdə davam edə biləcəyini deyib.

