İranın təhlükəsizlik qüvvələri son iğtişaşlarla əlaqəli 3 min nəfərin saxlanıldığını açıqlayıb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, saxlanılanların əksəriyyəti “qanunsuz silahlı birləşmələr”lə və ictimai asayişi pozan aksiyalarla birbaşa əlaqəlidir.
İranda 28 dekabrdan etibarən ölkədəki iqtisadi vəziyyətdən narazılıq səbəbindən etiraz aksiyaları davam edir. İlin sonuna doğru inflyasiya illik 42,2 faizə çatıb, milli valyuta olan İran riyalı isə rekord həddə — 1 ABŞ dolları üçün 1,42 milyon riyal səviyyəsinədək zəifləyib.
Etirazlar əvvəlcə Tehranın mərkəzindəki iki iri bazarın yaxınlığında başlayıb və aksiyalarda xırda ticarətlə məşğul olanlar iştirak edib. Bir neçə gün ərzində şüarlar daha radikal xarakter alıb, etirazlar bütün ölkəni əhatə edib. Təhlükəsizlik qüvvələri aksiyaları dəfələrlə dağıdıb, hakimiyyət isə ölkə üzrə interneti kəsib.
Etirazlar fonunda ABŞ hakimiyyəti İrana qarşı hərbi zərbələrin mümkünlüyünü istisna etmədiyini də bəyan edib.

