Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes ölkədə baş verən iki güclü zəlzələdən sonra son vəziyyət barədə məlumat verib.
Onun sözlərinə görə, zəlzələlər nəticəsində həlak olanların sayı 188-ə yüksəlib, 1500-dən çox insan yaralanıb. Rodriqes bildirib ki, çox sayda bina dağılıb, 200-dən artıq insanın hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri olan La-Quayrada axtarış-xilasetmə işləri davam edir. Bununla yanaşı, infrastrukturun sıradan çıxması və təhlükəsizliklə bağlı problemlər səbəbindən bəzi ərazilərdə qarət halları qeydə alınıb.
Məlumata görə, mağaza və anbarların qarət olunması ilə bağlı görüntülər sosial mediada yayılıb. Hadisələr fəlakətin humanitar nəticələri ilə yanaşı, ölkədə təhlükəsizlik böhranı riskini də gündəmə gətirib.

Silahlı cinayətkar qrupların vəziyyətdən istifadə edə biləcəyi ehtimalı fonunda Venesuela hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib. Hərbi birliklər asayişin bərpası, yardım karvanlarının və ərzaq-anbarlarının qorunması üçün küçələrə çıxarılıb.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki zəlzələ baş verdiyini açıqlamışdı. Yeraltı təkanların Yaracuy ştatında qeydə alındığı, zəlzələ ocaqlarının isə müvafiq olaraq 10 və 21,9 kilometr dərinlikdə yerləşdiyi bildirilmişdi.

