İspaniya hakimiyyəti Mərakeşdən mümkün yeni qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Seuta anklavının dəniz sərhədində xüsusi üzən maneə quraşdırıb.
“RİA Novosti”nin məlumatına görə, konstruksiya Taraxal sərhəd dalğaqıranı yaxınlığında yerləşdirilib.
Mülki Qvardiyanın nümayəndəsi bildirib ki, quraşdırma işlərinə şənbə səhəri başlanıb. 500 metr uzunluğundakı pnevmatik üzən baryer suyun səthindən 30–70 santimetr hündürlüyə qalxır, onun sualtı hissəsi isə 1 metrədək dərinliyə enir.
Maneənin perimetri boyunca İspaniya Hərbi Dəniz Qüvvələrinin təqdim etdiyi siqnal şamandıraları yerləşdirilib. Onlar həm konstruksiyanı yerində saxlayır, həm də əlavə xəbərdarlıq xətti rolunu oynayır.

