ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq olunan dəniz blokadası çərçivəsində 51 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.
Qurumun sosial şəbəkə hesabında yayılan məlumata görə, avqustun 7-dək 2 gəmi sıradan çıxarılıb, daha 2 gəmi isə yoxlanılıb.
CENTCOM bildirib ki, bu tədbirlər müəyyən edilmiş tələblərin icrasını təmin etmək məqsədilə həyata keçirilib.
Əməliyyat ABŞ–İran münasibətlərinin kəskinləşməsi fonunda genişlənib. Donald Trampın iyun ayında əldə olunmuş atəşkəs razılaşmasının qüvvədən düşdüyünü elan etməsindən sonra ABŞ İran obyektlərinə zərbələr endirib və bunu Hörmüz boğazında mülki gəmiçiliyə yönələn təhdidlərin qarşısını almaq zərurəti ilə əsaslandırıb.
Buna cavab olaraq İran regionun bir neçə ölkəsində yerləşən ABŞ bazalarına hücum edib və Vaşinqtonu əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib.

