İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını “özününkü” edəcəkləri barədə açıqlamasından sonra Vaşinqtonun xarici siyasətini sistemli yalan, ikiüzlülük və özünüaldatma ilə ittiham edib.
Bəqai sosial şəbəkə hesabında ABŞ-ın İrana münasibətini şərh edərkən rus yazıçısı Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından sitat gətirib.
“Əsas odur ki, özünüzə yalan danışmayın. Özünə yalan danışan və öz yalanını dinləyən insan elə bir həddə çatır ki, artıq nə özündə, nə də ətrafında həqiqəti ayırd edə bilir və nəticədə həm özünə, həm də başqalarına hörmətini itirir”, – deyə Bəqai Dostoyevskidən sitat gətirib.
Onun bu açıqlaması Trampın Hörmüz boğazı üzərində ABŞ nəzarəti ilə bağlı son bəyanatları fonunda səslənib. Son günlər Vaşinqton və Tehran arasında strateji su yolu üzərində nəzarətlə bağlı qarşılıqlı sərt açıqlamalar artıb.

