İranda 33 yaşlı bloqer Soda Ebrahimi Şəmsabadi barəsində edam hökmü çıxarılıb. Qərarın Bəndər-Abbas İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən verildiyi bildirilir.
Haberler.com-un məlumatına görə, Şəmsabadinin vəkilinə edam hökmü barədə 23 avqustda məlumat verilib.
Bloqerə qarşı irəli sürülən ittihamlar arasında İranın ali dini rəhbərini təhqir etmək, milli təhlükəsizliyə qarşı media və təbliğat fəaliyyəti aparmaq, eləcə də “düşmən dövlətlər” üçün kəşfiyyat və təhlükəsizlik fəaliyyəti göstərmək kimi maddələr yer alır.
Şəmsabadi həmçinin raket zərbəsinin dəydiyi ərazinin fotosunu çəkərək İran xaricində fəaliyyət göstərən farsdilli media qurumuna göndərməkdə ittiham olunur.
Məlumata görə, məhkəmə edam hökmü ilə yanaşı, onun barəsində 2 ildən 5 ilədək müxtəlif həbs cəzaları, bəzi dövlət xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması və əmlakının müsadirəsi barədə də qərar verib.
Tehranda böyüyən və Bəndər-Abbasda yaşayan Şəmsabadinin mart ayında saxlanıldığı, həmin vaxtdan etibarən Bəndər-Abbas həbsxanasında saxlanıldığı bildirilir. Onun 20 gün təkadamlıq kamerada qaldığı da qeyd olunur.
Şəmsabadinin ölkədə keçirilən etirazlar zamanı baş verən ölümlərlə bağlı İran hakimiyyətini sərt tənqid etdiyi bildirilir.
Onun saxlanılmamışdan əvvəl, 23 fevralda paylaşdığı son mesaj da yenidən gündəmə gəlib. Təxminən 10 min izləyicisi olan hesabında o yazıb:
“Bir gün bu dünyadan getsəm, sadəcə bunu bilin: inandığım yolu seçdim.”
Şəmsabadi barəsində çıxarılan hökm İranda siyasi ittihamlarla bağlı edam hökmlərinin yenidən müzakirə olunduğu bir dövrə təsadüf edir. İnsan Hüquqları üzrə müşahidə təşkilatlarının məlumatlarına əsasən, 2026-cı ilin martından avqustun sonunadək siyasi və milli təhlükəsizlik ittihamları üzrə onlarla şəxsin edam edildiyi bildirilir.

