Tehran Hörmuz boğazı ilə bağlı təkliflərinə Vaşinqtonun rəsmi cavabını gözləməyə davam edir. İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə hesabında bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü açıq şəkildə rədd etməsinə baxmayaraq, İran tərəfi yekun cavabın vasitəçilər vasitəsilə çatdırılacağını gözləyir.
Araqçi daha əvvəl Tehran tərəfindən Hörmuz boğazının açılması ilə bağlı 7 günlük planın vasitəçilər vasitəsilə Vaşinqtona təqdim edildiyini bildirmişdi.
“ABŞ Prezidentinin ilkin reaksiyasını gördük, lakin vasitəçilər vasitəsilə bizə heç nə çatdırılmayıb”, — Araqçi qeyd edib.
İran XİN rəhbərinin sözlərinə görə, Donald Tramp məsələ ilə bağlı bir-birinə zidd bəyanatlar verir. Araqçi vurğulayıb ki, Hörmuz boğazının açılması istiqamətində irəliləyiş yalnız Vaşinqtonun İranın irəli sürdüyü şərtləri yerinə yetirməsi halında mümkün ola bilər.

