Avstraliyada bir dəstə it parkda iki qadına cinsi təcavüz etməyə çalışan şəxsi qovaraq onları xilas edib.
Bu barədə Nine News məlumat yayıb.
Hadisə iyulun 14-də səhər saatlarında Melburnda, Qardiners-Krik çayının sahilində baş verib. 39 və 67 yaşlı iki qadın birlikdə 11 iti gəzdirərkən kolluqda gizlənən bir kişini görüblər.
Zərərçəkənlərdən birinin sözlərinə görə, naməlum şəxs qəfil kolluqdan çıxaraq onun rəfiqəsini boyun və çiyin nahiyəsindən tutub. Daha sonra digər qadına yaxınlaşaraq onu hədələyib və avtomobil yolunun altındakı tuneldə cinsi əlaqəyə məcbur etməyə çalışıb.
Bu zaman itlər hücum edən şəxsin üzərinə atılaraq onu tunel istiqamətinə qovublar. Qadınlar yaranmış fürsətdən istifadə edərək hadisə yerindən qaça biliblər.
Qadınlardan biri hətta şübhəlinin paltarından bir parça qopara bilib. Hadisənin bir hissəsi videoya düşüb.
Hücum edən şəxs qaçaraq gizlənib. Polis onun fotorobotu əsasında axtarış aparır.

