ABŞ-ın Konnektikut ştatının Torrinqton şəhərində baş verən hadisə təhlükəsizlik kamerasına anbaan düşüb.
Evin qarşısında oynayan 6 yaşlı Koltona doğru qəfil böyük bir qara ayı qaçmağa başlayıb.
Ailənin Bella adlı haski qarışığı iti ayının uşağa tərəf yönəldiyini görən kimi hərəkətə keçib. Bella yüksək səslə hürərək ayının arxasınca qaçıb və onu ərazidən uzaqlaşdırmağı bacarıb.
Qaçmağa çalışan ayı panika içində həyətdəki qayığa çırpılıb, daha sonra evlərin arasından meşəlik əraziyə doğru uzaqlaşıb.
Göstərdiyi cəsarətə görə Bella ailənin növbəti biftek yeməyində xüsusi şəkildə mükafatlandırılıb. Bununla da kifayətlənməyən qəhrəman it Konnektikut ştatının nümayəndəsi Co Kanino və ştat senatoru Stiven Hardinq tərəfindən təşəkkür sənədi və it yemləri ilə təltif olunub.
Uşağın atası Ceffri Tazzara bildirib ki, hadisə zamanı avtomobili hazırlayırmış və Bellanın adi haldan çox fərqli hürdüyünü eşidib.
Onun sözlərinə görə, Bella ayıya çataraq onu arxa hissəsindən dişləyib. Panikaya düşən ayı isə qayığa çırpıldıqdan sonra meşəyə qaçıb.
Senator Hardinq sosial şəbəkə paylaşımında “Bəzi qəhrəmanlar plaş taxır, bəziləri isə dörd pəncə üzərində gəzir” ifadəsini işlədib.
Konnektikut Enerji və Ətraf Mühitin Mühafizəsi Departamenti ştatda yalnız qara ayıların yaşadığını və onların sayının artdığını bildirərək sakinləri diqqətli olmağa çağırıb.
Rəsmilər zibillərin açıq havada saxlanmamasını, ev heyvanları üçün yeməklərin gecə çöldə qoyulmamasını və qida qoxularının azaldılmasını tövsiyə ediblər.





