Dünyanın ən məşhur modellərindən olan Bella Hadid 15 ildir mübarizə apardığı Lyme xəstəliyinin son vaxtlar yenidən kəskinləşməsi ilə bağlı paylaşımı ilə pərəstişkarlarını narahat edib.
Model sosial şəbəkədə etdiyi paylaşımda vəziyyətinin ağırlaşdığını bildirib. Hadid mətbəxə gedərkən belə nəfəs-nəfəsə qaldığını, hətta huşunu itirmədən duş qəbul etməyin onun üçün “böyük uğur” halına gəldiyini qeyd edib.
Paylaşımının izləyicilərini narahat etdiyini görən Bella Hadid daha sonra üzr istəyib.
“Heç kimi qorxutmaq istəmirdim. Bu, son 15 ildə hər gün yaşadığım eniş-yoxuşların bir hissəsidir. Artıq bununla müəyyən qədər mübarizə aparmağı bacarıram”, — deyə model bildirib.
Qeyd edək ki, Lyme xəstəliyi gənə dişləməsi ilə yoluxa bilən infeksion xəstəlikdir. Müalicə olunmadıqda və ya xroniki hal aldıqda oynaq ağrıları, davamlı yorğunluq, narahatlıq, yaddaş və diqqət problemləri, eləcə də daha ağır nevroloji fəsadlara səbəb ola bilər.

