Meksikada 31 yaşlı Erasto Krisanto Valdes su ilə dolu karst çökəkliyindən 15 gün sonra sağ çıxarılıb. Bu barədə Need To Know məlumat yayıb.
Kişi iyulun 23-də atası ilə balıq tutarkən yoxa çıxıb. Onun axtarışlarına demək olar ki, dərhal başlanılıb.
İyulun 29-da dalğıclar 65 metr dərinlikdə nizə aşkar ediblər. Bu tapıntı xilasedicilərə balıqçının yaxınlıqda ola biləcəyi barədə ümid verib.
Nəhayət, avqustun 6-da Valdes sağ vəziyyətdə tapılıb. Məlum olub ki, o, 15 gün ərzində su ilə dolu mağaradan çıxa bilməyib.

Bu müddət ərzində kişi soyuq, qaranlıq və rütubət içində, yeməksiz və içməli susuz qalıb. Onun sağ qalmasına mağarada yaranan hava boşluğu imkan verib.
Balıqçı xərək üzərində səthə çıxarılıb. O, ciddi susuzlaşmış və həddindən artıq zəifləmiş vəziyyətdə olub.
Hazırda Valdes xəstəxanada müalicə olunur və sağlamlığını bərpa edir.

