Türkiyənin Manisa vilayətində məktəb yaxınlığında 8 şagirdin yaralanması ilə nəticələnən silahlı hücumun səbəbi məlum olub.
Hadisənin şagirdlər arasında bir gün əvvəl qız üstündə baş verən mübahisə ilə əlaqəli olduğu bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, hadisə Turgutlu rayonunun Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
Məlumata əsasən, məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü H.O. özü ilə gətirdiyi ov tüfəngi ilə aralarında mübahisə yaranmış məktəb yoldaşlarına atəş açıb.

İlkin araşdırmalar zamanı hadisənin hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığı müəyyən edilib. Hücumun bir gün əvvəl qız üstündə baş verən mübahisədən sonra yarandığı bildirilir.
Silahlı hücum nəticəsində 8 şagird yaralanıb. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Atəş səslərini eşidən valideynlər təşviş içində məktəbin ətrafına toplaşıblar.

Hücumda şübhəli bilinən H.O.-nun hadisədən əvvəl ov tüfənginə patron doldurduğu anların təhlükəsizlik kameralarına düşdüyü də məlum olub.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam etdirilir.

