İsrailli məskunlaşanlar Qüdsün şimal-şərqində yerləşən Maazi-Caba bədəvi icmasına hücum ediblər.
WAFA agentliyinin məlumatına görə, hücum zamanı bir neçə yaşayış tikilisi və qoyun saxlanılan yerlər yandırılıb, yerli sakinlər döyülüb.
Yerli mənbələrin bildirdiyinə görə, hadisə nəticəsində bir neçə fələstinli yaralanıb. Yaralananlar arasında qadınlar və uşaqlar da olub. İcma sakinləri yaralılardan biri üçün təcili tibbi yardım avtomobilinin göndərilməsini istəyiblər.
Hücum zamanı bir neçə avtomobilə də ziyan vurulduğu və əraziyə ciddi maddi zərər dəydiyi bildirilir.
Yerli mənbələr həmçinin hadisə zamanı yaxınlıqda olan İsrail hərbçilərinin müdaxilə etmədiyini iddia ediblər. WAFA-nın yenilənmiş məlumatında isə məskunlaşanların hücumu zamanı İsrail qüvvələrinin ərazidə olduğu bildirilir.
Maazi-Caba icması Qüdsün şimal-şərqində, Caba yaşayış məntəqəsinin yaxınlığında yerləşir. İcmanın son aylarda dəfələrlə hücumlara məruz qaldığı, yaxınlıqda isə yeni məskunlaşma məntəqəsinin yaradıldığı bildirilir.

