Avropanın aparıcı futbol federasiyalarının rəhbərləri qalmaqalın mərkəzində olan FİFA prezidenti Canni İnfantinonu əvəz edə biləcək namizəd axtarışına başlayıblar.
The Guardian yazır ki, Avropanın yüksək vəzifəli futbol funksionerləri artıq gələn il keçiriləcək seçkilərdə İnfantinoya qalib gələ biləcək şəxsin müəyyənləşdirilməsi prosesinə start veriblər. Bildirilir ki, axtarış yaxın günlərdə də davam edəcək.
Nəşrin məlumatına görə, bu təşəbbüs UEFA rəhbərliyi tərəfindən də dəstəklənir. Qurum daxilində İnfantinonun “özünün yaratdığı böhrandan sağ çıxmasına imkan verməmək” mövqeyinin üstünlük təşkil etdiyi bildirilir.
Şənbə günü İspaniya, Niderland, İngiltərə və Norveç də daxil olmaqla bir sıra Avropa futbol liqalarının rəhbərləri İnfantinoya qarşı açıq mövqe sərgiləyiblər.
Onun fəaliyyəti Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi ölkələrinin futbol konfederasiyası tərəfindən də tənqid olunmaqda davam edir.
Sky News isə İnfantinonu FİFA prezidentliyindən uzaqlaşdırmağa yönələn təşəbbüslərin artıq rəsmən irəli aparıldığını və sürətləndirildiyini yazıb.
Nəşrin qeyd etdiyi kimi, artıq sual İnfantinonun postundan gedib-getməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir.

