Dünya bazarlarında neft qiymətləri yüksəlib.
Reutersin məlumatına görə, qiymət artımına ABŞ və İran arasında Yaxın Şərqdə hərbi gərginliyin artması, eləcə də Hörmüz boğazı üzərindən enerji daşımaları ilə bağlı risklər səbəb olub.
London birjasında “Brent” markalı neftin fyuçersləri 3,05% bahalaşaraq bir barel üçün 90,79 ABŞ dollarına çatıb. Bu, iyun ayından bəri ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilir.
ABŞ-ın WTI markalı nefti isə 2,65% artaraq bir barel üçün 84,68 ABŞ dolları olub.
Reuters yazır ki, ötən həftə “Brent” nefti 15,9%, WTI isə 15,5% bahalaşıb. Bu artım enerji bazarlarında Yaxın Şərqdəki gərginliklə bağlı narahatlığın gücləndiyini göstərir.
Azeri Light markalı Azərbaycan nefti üzrə OilPrice.com cədvəlində son göstərici 92,84 dollar göstərilib. Lakin bu məlumatın 2 günlük gecikmə ilə təqdim olunduğu qeyd edilir.

