İngiltərənin Portsmut şəhərində yaşayan 32 yaşlı Sonia Exelbinin ölümü ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb.
İstintaq materiallarına görə, psixoloji problemlərlə mübarizə aparan qadın internetdə tanış olduğu ABŞ vətəndaşı Dwain Hall ilə özünün öldürülməsinə dair “ölüm razılaşması” bağlayıb.
“The Telegraph”ın məlumatına görə, Exelbi plan çərçivəsində ötən il bir istiqamətə bilet alaraq ABŞ-nin Florida ştatına gedib. Lakin ölkəyə çatdıqdan qısa müddət sonra fikrini dəyişərək razılaşmadan imtina edib.
Polis qeydlərinə daxil edilən mesajlarda onun dostlarından birinə “Çox qorxuram”, “Məni buraxmır” və “Kaş bunu etməzdim” yazdığı müəyyənləşdirilib. Müstəntiqlər bu mesajların qadının qaçmağa və özünü xilas etməyə çalışdığını göstərdiyini bildiriblər.

İstintaqın əsas sübutlarından biri Hallın telefonundan silinməyə çalışılan videolar olub. Kadrlarda bədənində göyərmə izləri olan Exelbinin qorxmuş və taqətsiz vəziyyətdə göründüyü, Hallın isə ona dəfələrlə “Necə ölmək istəyirsən?” sualını verdiyi bildirilir.
Prokurorluğun iddiasına görə, Hall qadını ailəsinə məktub yazmağa, həmçinin bütün baş verənləri öz istəyi ilə etdiyini söylədiyi videolar çəkməyə məcbur edib. İstintaqçılar hesab edirlər ki, bu görüntülər mümkün qətl şübhələrini aradan qaldırmaq üçün əvvəlcədən hazırlanıb.
Yaxınlarının itkin düşmə barədə müraciətindən sonra aparılan axtarışlar zamanı Exelbinin meyiti Florida ştatının Marion dairəsindəki meşəlik ərazidə dayaz məzardan tapılıb. Ekspertiza onun dörd bıçaq zərbəsi ilə öldürüldüyünü müəyyən edib.
Saxlanılan Hall ilkin ifadəsində qadını tanımadığını deyib. Lakin təhlükəsizlik kameralarının görüntüləri, telefon danışıqları və rəqəmsal sübutlar təqdim edildikdən sonra onunla görüşdüyünü etiraf edib.

Polis həmçinin Hallın Exelbinin bank kartlarından istifadə etdiyini və onun hesabındakı pula çıxış əldə etməyə çalışdığını müəyyənləşdirib.
Qadının ailəsi onu “mehriban, mərhəmətli və zəngin təxəyyülə sahib” insan kimi xarakterizə edib:
“Həyat sənin üçün heç vaxt asan olmadı. Səni çəkdiyin əzablarla deyil, ətrafına bəxş etdiyin sevgi, xeyirxahlıq və geridə qoyduğun gözəlliklərlə xatırlayacağıq”.
Florida ştatında həbsdə saxlanılan Hall birinci dərəcəli qətl, adam oğurluğu, kredit kartı dələduzluğu və sübutları gizlətməkdə ittiham olunur. O, ittihamları rədd edir.
Məhkəmə prosesinin qarşıdakı dövrdə keçirilməsi gözlənilir.

