Myanmada ABŞ səfirliyi əməkdaşı Daniel Rivanın keçmiş arvadı onun qətlində ittiham olunur. Bu barədə Daily Mail məlumat yayıb.
43 yaşlı diplomatın cəsədi 11 mayda ABŞ diplomatik missiyasından təxminən 1,5 kilometr aralıda yerləşən Sakura Residence & Hotel mehmanxanasında tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri olduğu bildirilir.
Müttəhim Pavini Supasirivisan Banqkok əsillidir. O, Le Cordon Bleu kulinariya məktəbinin məzunu və kulinariya mövzusunda YouTube kanalının müəllifidir.
Nəşrin məlumatına görə, qadın keçmiş ərinin ölümü ilə bağlı məhkəmə qarşısına çıxarılıb. Hələlik iş immiqrasiya maddəsi üzrə araşdırılır. Bu maddə ilə qadını altı aydan beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Əsas ittiham üzrə isə məhkəmə onu təqsirli bilsə, cəza 10 il həbsdən ölüm hökmünə qədər ola bilər.
Kamayut məhkəməsində keçirilən ilk iclasda ittiham tərəfinin üç şahidi, o cümlədən immiqrasiya əməkdaşları çıxış edib.
Riva və Supasirivisan 2018-ci ildə evləniblər. Onların nə vaxt boşandığı isə açıqlanmır. Müttəhim qadın ifadə verməyib.
ABŞ səfirliyi əməkdaşının ölümünü təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.

