Partnyorlar arasında mübahisələrin ümumiyyətlə olmaması münasibətlərdə ünsiyyət pozuntusunun əlaməti ola bilər.
Bu barədə Gazeta.Ruya açıqlamasında MDPİU-nun Məsləhətçi və Klinik Psixologiya fakültəsinin Uşaq və Ailə Psixoterapiyası kafedrasının müdiri Yelena Filippova bildirib.
Psixoloqun sözlərinə görə, psixoloji ədəbiyyatda daha çox “mübahisə” deyil, “konflikt” anlayışından istifadə olunur. Konflikt maraqların, məqsədlərin və dəyərlərin uyğunsuzluğu nəticəsində yaranan ciddi qarşıdurmadır.
“Hər mübahisə konfliktin təzahürü sayıla bilər, lakin hər konflikt mübahisəyə çevrilmir. Ənənəvi olaraq konfliktlərin münasibətləri pisləşdirdiyi düşünülür, amma müasir araşdırmalar göstərir ki, konflikt müsbət şəkildə həll olunarsa, münasibətlər üçün faydalı ola bilər”, — deyə Filippova izah edib.
Onun sözlərinə görə, mübahisə problemin mövcudluğuna dair siqnal kimi qəbul edilə bilər. Əgər konflikt açıq şəkildə üzə çıxmırsa, o, uzun müddət gizli şəkildə davam edərək münasibətləri daxildən zədələyə bilər.
Mütəxəssis qeyd edib ki, mübahisələrin olmaması ünsiyyət baryeri ilə bağlı ola bilər. Bu zaman tərəflərdən biri öz ehtiyacını ifadə etməkdə çətinlik çəkir, nəticədə məlumat çatışmazlığı yaranır və qarşılanmayan ehtiyaclar içinə yönəlir.
Filippova əlavə edib ki, mübahisələrdən qaçmağın başqa səbəbi də münasibətlərin ideallaşdırılmasıdır — yəni sevginin konfliktləri istisna etdiyi düşüncəsi. İnsanlar bəzən mübahisənin sevgisizliyin göstəricisi olduğuna inanaraq problemləri açıq müzakirə etməkdən çəkinirlər. Bu isə həll olunmamış problemlərin yığılmasına gətirib çıxarır.
“Əgər münasibətdə ümumiyyətlə mübahisə yoxdursa, bu, konfliktin boğulması, problemdən yayınma və konstruktiv müzakirədən imtina demək ola bilər. Bu baxımdan, mübahisələrin olmaması münasibətlər üçün gizli tələ və maneə hesab edilə bilər”, — deyə psixoloq yekunlaşdırıb.

