İsti havada bağlı avtomobildə qalan uşağın orqanizmi qısa müddətdə çoxlu maye itirə bilər. Bu isə ağır nəticələrə, hətta ürəyin dayanmasına səbəb ola bilər.
Pediatr Yuliya Sivertsova 360.ru-ya açıqlamasında bildirib ki, havanın temperaturu +30 dərəcəyə çatdıqda, qapalı avtomobilin içi cəmi bir saat ərzində 50 dərəcəyədək qıza bilər.
Həkimin sözlərinə görə, belə şəraitdə avtomobildə qalmaq quru saunada olmaqla müqayisə edilə bilər. Bu zaman insan çox tez huşunu itirə bilər.
Sivertsova qeyd edib ki, orqanizmdən maye buxarlandıqda qan damarlarından da maye çəkilir. Nəticədə qanın tərkibindəki elementlər daha sıx hala gəlir və bu, tromboz, insult və digər ağır fəsadlar riskini artıra bilər.
Pediatr vurğulayıb ki, uşaqlarda dəri daha nazik olduğu üçün onlar mayeni böyüklərlə müqayisədə daha sürətlə itirirlər. Həddindən artıq qızma zamanı uşağın orqanizmi suyu ürək və beyin kimi həyati vacib orqanlara yönəltməyə çalışır ki, bu da əlavə risklər yaradır.
Həkim valideynləri isti havalarda uşaqları qapalı avtomobildə tək qoymamağa çağırıb.

