Yeni araşdırma göstərib ki, göz qapaqları və göz ətrafında yaranan sarımtıl yağ yığıntıları yalnız estetik problem deyil, eyni zamanda ürək-damar xəstəlikləri baxımından erkən xəbərdarlıq əlaməti ola bilər.
Stanford Universitetinin rəhbərliyi ilə aparıldığı bildirilən beynəlxalq araşdırmada göz ətrafında xolesterin və yağ toplanması nəticəsində sarı lövhəciklər yaranan təxminən 18 min nəfərin göstəriciləri sağlam şəxslərlə müqayisə edilib.
Araşdırmanın nəticələrinə əsasən, göz ətrafında bu cür sarı ləkə və yığıntıları olan insanlarda infarkt, insult və keçici işemik tutma riskinin təxminən üç dəfə yüksək olduğu müəyyən edilib.
Mütəxəssislər vurğulayıblar ki, bu dəyişikliklər təkcə qanda yağ səviyyəsinin yüksək olması ilə izah edilmir. Göz qapaqlarındakı yağ yığıntıları birbaşa infarkt yaratmasa da, damar sərtliyinin və ürək-damar sistemində gedən dəyişikliklərin səssiz göstəricisi ola bilər.
Alimlərin fikrincə, bir çox insan bu əlaməti yalnız kosmetik problem kimi qəbul edir. Lakin göz ətrafında sarımtıl lövhəciklər müşahidə edilərsə, dermatoloqla yanaşı, ürək-damar risklərinin də qiymətləndirilməsi, təzyiqin yoxlanılması və həyat tərzinin nəzərdən keçirilməsi tövsiyə olunur.

