Gündəlik qidalanma yalnız çəki və həzm sisteminə deyil, beynin fəaliyyətinə, yaddaşa, diqqətə və düşünmə sürətinə də təsir edir.
VERBA tibbi kurortunun dietoloqu Xristina Nikiforova bildirib ki, bu əlaqənin əsas səbəblərindən biri “bağırsaq–beyin oxu” adlanan sistemdir.
Onun sözlərinə görə, bağırsaq və beyin sinir sistemi, neyromediatorlar, hormonlar və müxtəlif metabolitlər vasitəsilə daim qarşılıqlı əlaqədə olur. Buna görə həzm sistemində baş verən dəyişikliklər zehni performansa da təsir göstərə bilər.

Dietoloq ilk növbədə şəkərin qəbulunu məhdudlaşdırmağı tövsiyə edir.
Şəkər qanda qlükozanın səviyyəsində kəskin dalğalanmalara səbəb olur. Beyin qlükozanı ehtiyat şəklində toplaya bilmədiyi üçün əvvəlcə enerji artımı, daha sonra isə sürətli eniş baş verir.
Bu zaman diqqəti toplamaq çətinləşə, məlumatın emal sürəti azala və yorğunluq hissi yarana bilər.
Trans yağlar da risk yaradır
Həkimin məhdudlaşdırmağı tövsiyə etdiyi digər qrup isə sənaye mənşəli trans yağlardır.
Onlar əsasən marqarin, fastfud, yarımfabrikatlar, ultraişlənmiş məhsullar, bəzi şirniyyat və un məmulatlarında ola bilər.
Nikiforovanın sözlərinə görə, bu yağlar orqanizmə daxil olduqda neyronların normal fəaliyyəti üçün vacib olan omeqa-3 kimi faydalı yağ turşularının yerini tuta bilər.

Nəticədə sinir hüceyrələrinin membran xüsusiyyətləri və neyronlar arasında siqnal ötürülməsi dəyişə bilər.
Mütəxəssis vurğulayıb ki, söhbət bir dəfə desert və ya burger yeməkdən getmir. Əsas problem şəkər və trans yağların gündəlik rasionda daimi üstünlük təşkil etməsidir.
Belə qidalanma metabolik prosesləri poza, bağırsaqda xroniki iltihab yarada və dolayı yolla beynin bərpa qabiliyyətinə mənfi təsir göstərə bilər.

