Şirniyyat və ağ çörəyin həddindən artıq qəbulu iş qabiliyyətini və diqqəti azalda bilər.
Fitnes üzrə mütəxəssis və "Lapino Fitness" şəhərdənkənar klubunun həmtəsisçisi Emil Xalimov NEWS.ru-ya açıqlamasında bildirib ki, beyin və əzələlərin fəaliyyəti birbaşa qəbul edilən qidadan asılıdır. Beynin əsas enerji mənbəyi qlükozadır və onun səviyyəsinin kəskin dəyişməsi məhsuldarlığa da təsir göstərir.

O qeyd edib ki, sürətli karbohidratlar, şirniyyat və ağ çörək qəbul edildikdən sonra qanda şəkərin səviyyəsi əvvəlcə sürətlə yüksəlir, daha sonra isə kəskin aşağı düşür. Nəticədə insan iş yerində yuxululuq, halsızlıq və diqqət dağınıqlığı hiss edə bilər.
Mütəxəssis mürəkkəb karbohidratlar və zülalla zəngin qidaların seçilməsini tövsiyə edib. Onun sözlərinə görə, taxıl məhsulları, tərəvəz, balıq, ət və yumurta orqanizmi bir neçə saat sabit enerji ilə təmin edir, yuxululuq yaratmır və günün sonuna qədər zehni fəaliyyəti qorumağa kömək edir.

Xalimov qəhvənin də ölçülü istifadə edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, günün ikinci yarısında içilən qəhvə yuxu keyfiyyətini poza bilər, yuxusuzluq isə ertəsi gün məhsuldarlığa mənfi təsir göstərir. Buna görə qəhvənin əsasən günün birinci yarısında qəbul edilməsi tövsiyə olunur.
Ekspert əlavə edib ki, acqarına işləmək əsəbilik, diqqətsizlik, səhvlərin artması və axşam saatlarında həddindən artıq qida qəbuluna meyil yarada bilər.
Onun sözlərinə görə, yüngül susuzlaşma belə susuzluq hissi yaranmamış diqqət və yaddaşa təsir edir. Gün ərzində kifayət qədər su içmək iş qabiliyyətini qorumaq baxımından qəhvədən daha faydalı ola bilər.

