Avqustun 6-da Bakının bəzi rayonlarında və Azərbaycanın bir sıra bölgələrində elektrik təchizatı obyektlərində planlı təmir işləri aparılacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, işlər paytaxtdakı bir neçə transformator məntəqəsində və rayonlarda 10 kV-luq hava elektrik xətlərində həyata keçiriləcək. Məqsəd elektrik təchizatının keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaqdır.
Yasamal rayonunda 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Nərimanov rayonunda isə saat 09:00-dan 13:00-dək Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi hissələrində işıq olmayacaq.
Ağdaş rayonunun Yuxarı Ləki, Güvəkənd və Əmirarx kəndlərində saat 10:00-dan 14:00-dək, Ucar rayonunun Təzə Şilyan kəndində isə saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.

