Abşeron rayonunda ötən ilin 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların anım gününə həsr olunmuş tədbir keçirilib.
“Den.az” xəbər verir ki, tədbirdə RİH başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, YAP Abşeron rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə RİH-nin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, uzaqgörənliyi və xalqımızın “Dəmir Yumruq” ətrafından sıx birləşməsi ilə şanlı ordumuz düşmən üzərində döyüş meydanında qalib gəlib.Respublikamızın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir və bu qayğı bundan sonra da daimi xarakter alacaqdır.
Daha sonra şəhid Hüseyn Nəcəfzadənin atası Ababsqulu Nəcəfov, anası Könül Nəcəfzadə, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova və Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək bildirib ki, ərazi bütövlüyümüzün təmini, Qarabağda həyata keçirilən abadlıq quruculuq işləri və soydaşlarımızın qayıdışı xalqımızı fərəhləndirir.
Daha sonra vətənə, qələbəyə və şəhidlərimizə həsr olunmuş bədii hissə təqdim olunub.
Məlumat üçün bildirək ki, dövlət başçısının müvafiq sərəncamı ilə şəhid baş leytenant Hüseyn Nəcəfzadə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına laiq görülüb.