Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən “Sülh vasitəsilə rifah: Transxəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir çıxışında regional nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsinin iqtisadi artım, dayanıqlı təchizat zəncirlərinin yaradılması və yeni investisiya imkanlarının formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə əsas diqqət Vaşinqton sammitinin mühüm nəticələrindən biri kimi təqdim edilən “Tramp marşrutu” (TRIPP) layihəsinə yönəlib.
Bildirilib ki, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Onun həyata keçirilməsinin daha geniş regional əlaqələrin inkişafına və regionda uzunmüddətli sülhün möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Ceyhun Bayramov TRIPP layihəsinin reallaşdırılması istiqamətində ABŞ-ın göstərdiyi səyləri yüksək qiymətləndirib və Vaşinqtonun dəstəyinə görə təşəkkürünü bildirib.
Nazir qeyd edib ki, TRIPP yalnız nəqliyyat layihəsi deyil, həm də regional enerji əlaqələrinin inkişafı və enerji mənbələrinin şaxələndirilməsi üçün mühüm imkanlar yaradır.
Çıxış zamanı Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrə də toxunulub.
Bayramov bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası ətrafında inteqrasiya olunmuş nəqliyyat-logistika mərkəzinin yaradılması istiqamətində investisiyalar davam etdirilir.
O, həmçinin rəqəmsallaşmanın genişləndirilməsi, logistika və gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu çərçivədə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş birgə yol xəritələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Nazirin sözlərinə görə, Transxəzər Ticarət Marşrutunun inkişafı və TRIPP kimi yeni layihələrin həyata keçirilməsi ölkələr və bazarlar arasında əlaqələri genişləndirərək regional ticarət, investisiya və enerji əməkdaşlığı üçün əlavə imkanlar yaradacaq.

