İstanbul Respublika Baş Prokurorluğunun “Ahbap” Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində ifadəyə çağırılan Eda Ece Tuncerin prokurorluqda dedikləri məlum olub.
Türkiyə mediasının yazdığına görə, aktrisa bildirib ki, 6 fevral zəlzələləri zamanı “Yasak Elma” serialının çəkilişlərində olublar və komanda olaraq zərərçəkənlərə yardım etmək istəyiblər. Onun sözlərinə görə, rol yoldaşı Şevval Sam onları Haluk Leventlə bağlı qəti şəkildə xəbərdar edib və keçmişinə görə ona etibar etməməyi tövsiyə edib.
Eda Ece bildirib ki, Haluk Leventlə heç vaxt şəxsən görüşməyib, onun telefon nömrəsi özündə olmayıb və zəlzələ dövründə də, sonrasında da onunla əlaqə saxlamayıb.
Aktrisanın sözlərinə görə, serial komandası topladığı oyuncaqları, geyimləri və digər ehtiyac vasitələrini öz imkanları ilə zəlzələ bölgəsinə göndərib. Onlar xəstəxanalarda və Darülacezədə zərərçəkənləri ziyarət etsələr də, bunu heç bir dərnəyin iştirakı və media müşayiəti olmadan ediblər.
Eda Ece ifadəsində belə deyib:
“Biz çəkiliş qrupu olaraq ‘Ahbap’ı elə görməzdən gəldik ki, onun harada mövqe tutduğunu belə sorğulamadıq.”
O, “Ahbap”ın dövlət qurumlarına rəqib kimi təqdim edilib-edilmədiyini bilmədiyini, lakin cəmiyyətdə təşkilatın Kızılay və AFAD-a alternativ kimi göstərilməsi təəssüratının yarana biləcəyini bildirib.
İfadə zamanı Eda Eceyə 2023-cü ilin iyununda ELLE Style Awards mərasimində söylədiyi və zəlzələ bölgəsi ilə bağlı mübahisə yaradan sözlər də xatırladılıb.
Aktrisa sözlərinin ümumi çıxışdan qoparıldığını, emosional nitqini zarafatla bitirmək istəyərkən həddini aşdığını etiraf edib. Bildirilir ki, o, ifadə zamanı ağlayıb və zəlzələdən zərər çəkən insanların ona inciməsinin həyatındakı ən böyük peşmanlıqlardan biri olduğunu deyib.
Eda Ece belə bildirib:
“Kaş zaman maşını olaydı və dediklərimi geri ala biləydim.”
O, həmin sözlərə görə dəfələrlə üzr istədiyini, “Ahbap”a və ya Haluk Leventə heç bir yardım etmədiyini vurğulayıb. Aktrisa uzun müddətdir özünü izah etmək istədiyini də əlavə edib.

