“Barbi” filmində baş rolu canlandıran Marqo Robbi məşhur kuklanın görünüşünü əldə etmək üçün yalnız çəhrayı geyimlər və hündürdaban ayaqqabılarla kifayətlənməyib. Aktrisanın qüsursuz və parlaq dəriyə sahib olması üçün xüsusi gözəllik proqramı hazırlanıb.
Denmedia.az "Marie Claire"-ə istinadən xəbər verir ki, dəri sağlamlığı üzrə mütəxəssis Yasmina Viko “Barbi” filminin aktyor heyətinin çəkilişlərə hazırlanması prosesində iştirak edib. Onun sözlərinə görə, məqsəd sadəcə makiyaj və üz baxımı ilə kifayətlənmək deyil, dərinin təbii parlaqlığını artırmaq olub.

“Bu, Barbidir və o, mükəmməl görünməlidir. Məqsədimiz 1940-cı illərin fotoşəkillərində gördüyümüz işıq haləsini yaratmaq idi. Filmlərdə hər şey işıqla bağlıdır. Buna görə də qaraciyərin fəaliyyətinə, sinir sisteminin sakitləşdirilməsinə və dərinin daxildən parlamasına diqqət yetirməyə qərar verdim”, – deyə Viko “Vogue” jurnalına bildirib.
Mütəxəssis bu məqsədlə Marqo Robbi, Amerika Ferrera və Emma Makki də daxil olmaqla aktyor heyətinə alaqanqal bitkisindən hazırlanan xüsusi çay içməyi tövsiyə edib.

Vikonun sözlərinə görə, onun vətəni Xorvatiyada məşhur olan bu içki 20 dəqiqə dəmlənməlidir. O, çayın acı dadının qaraciyərin fəaliyyətini dəstəklədiyini və dərinin daha parlaq görünməsinə kömək etdiyini iddia edib.
Mütəxəssis alaqanqalın tərkibindəki silimarinin dəriyə qulluq məhsullarında da geniş istifadə olunduğunu qeyd edib.
Vikonun hazırladığı çay aktyor heyəti arasında o qədər populyarlaşıb ki, Marqo Robbi hətta məclislər zamanı bütün komanda üçün bu içkidən hazırlayırmış.
Mütəxəssis aktrisaların hər biri üçün fərdi dəriyə qulluq və sağlamlıq proqramı da tərtib edib. Marqo Robbiyə kefir içmək, qatıq və turş kələm kimi fermentləşdirilmiş qidalar qəbul etmək tövsiyə olunub.
“Marqo əsgər kimidir. O, çox intizamlıdır və ona nə məsləhət görsəniz, onu da edəcək”, – deyə Viko bildirib.
Aktrisa bəzən həftədə iki dəfə mütəxəssisin qəbuluna gedib. Viko bu görüşlərdə yalnız dərinin vəziyyətinə deyil, Robbinin enerjisinə və ümumi rahatlığına da diqqət yetirdiyini vurğulayıb.
“Onun qayğısına uşaq kimi qalırdım. Söhbət yalnız dərisindən deyil, enerjisindən də gedirdi. Bu, çox gərgin işdir. Ona görə də onun sakitləşməsi və özünü yaxşı hiss etməsi üzərində çalışırdıq”, – deyə mütəxəssis əlavə edib.

