Böyük Britaniya kralının qardaşı, keçmiş şahzadə Endrünün sabiq həyat yoldaşı Sara Ferqyusonun ömürlük maddi təminat almaq üçün kral ailəsini gizli şəkildə şantaj etməyə başladığı iddia olunur. Bu barədə Closer Magazine nəşri yazır.
Maliyyə çöküşünün astanasında olduğu bildirilən 66 yaşlı hersoginya III Çarlza qalmaqallı memuarlarını dərc etməmək müqabilində razılaşma təklif edir. Əks halda, o, böyük qonorar qarşılığında sənədli filmə çəkilmək və Opra Uinfriyə səmimi müsahibə vermək təklifini qəbul etməyə hazırdır.
Nəşrin yazdığına görə, III Çarlz ailə ilə bağlı növbəti ağrılı sirlərin ictimailəşməsindən ehtiyatlandığı üçün şantaj şərtlərini yerinə yetirməyə meyillidir. Lakin şahzadə Uilyam və Keyt Middlton belə kompromis qərara qəti şəkildə qarşı çıxıblar. Taxt-tacın varisi hesab edir ki, Sara Ferqyusona güzəşt edilməsi Britaniya tacı üçün son dərəcə təhlükəli presedent yaradacaq. Buna baxmayaraq, monarxın onun fikrini nəzərə almadığı bildirilir.
Saray daxilində vəziyyəti daha da mürəkkəbləşdirən məqam isə Saranın keçmiş həyat yoldaşı, sabiq şahzadə Endrünün artıq Ceffri Epşteynlə əlaqələrinə görə istintaq altında olmasıdır. Hersoginya özü də daha əvvəl dəfələrlə israfçılığı səbəbindən səs-küylü tabloid qalmaqallarının mərkəzində olub.

