ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə keçirilən görüşdən sonra Qəzza zolağında münaqişələrin tənzimlənməsi üçün yeni mexanizmin yaradılması barədə razılığa gəliblər. Bu barədə Axios məlumat yayıb.
Yeni mexanizmin əsas məqsədi əldə olunmuş razılaşmaların pozulmasını izləmək və İsrail ilə HƏMAS arasında mümkün eskalasiyanın qarşısını almaq olacaq.
Mexanizmin formalaşdırılmasında Misir də iştirak edəcək. Plana əsasən, İsrail Fələstin tərəfdən potensial təhlükəli hesab etdiyi hər hansı fəaliyyət aşkar edərsə, bu barədə mexanizmə məlumat verəcək. Daha sonra məsələ HƏMAS qarşısında qaldırılacaq.
Bununla yanaşı, Netanyahu Qəzza zolağında, xüsusilə su təchizatı və sanitariya sahələrində humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək öhdəliyi götürüb.
Tərəflər həmçinin iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Qruplardan biri Qəzzanın demilitarizasiyası, digəri isə humanitar məsələlər və ictimai sağlamlıq istiqamətində fəaliyyət göstərəcək.
Bununla belə, əsas fikir ayrılığı HƏMAS-ın tərksilahı və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının ardıcıllığı ilə bağlı olaraq qalır. İsrail tam tərksilahdan əvvəl qoşunlarını geri çəkmək niyyətində olmadığını bildirir.

