İranla müharibə Somali piratlarının yenidən fəallaşmasına səbəb olub və onlar Afrika sahillərində ticarət gəmilərinə hücumları artırıblar. Politico ekspertlərə və rəsmi şəxslərə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, son dövrdə piratlar neft və gübrə daşıyan ən azı üç tankeri ələ keçiriblər. Hörmüz boğazında yaranan fasilələr səbəbindən məhz bu məhsulların qiyməti yüksəlib.
İyul ayında isə Yəmən sahillərində kimyəvi maddələr daşıyan gəmi ələ keçirilib. Ələ keçirilmiş tankerlər hazırda Somali sahillərində saxlanılır, onlarla ekipaj üzvü isə girovdadır.
Obsidian Risk Advisors konsaltinq şirkətinin idarəedici direktoru Brett Erikson bildirib ki, ələ keçirilən gəmilərin sayı hələlik çox deyil. Bununla belə, regiondakı digər təhlükələr fonunda piratların fəaliyyəti xüsusi əhəmiyyət qazanır.
“Hazırda onların hər bir hərəkəti kifayət qədər böyük əhəmiyyət daşıyır”, – ekspert bildirib.
Ağ Ev isə piratlığın İranla müharibə ilə əlaqəli olması fikrini təkzib edib.
“Birləşmiş Ştatlar regionda mühüm gəmiçilik yollarını qorumaq üçün tam təchiz edilmiş güclü və yüksək effektivliyə malik dəniz təhlükəsizliyi qüvvələrini saxlayır”, – administrasiya nümayəndəsi bildirib.

