ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən “Science: A New Golden Age” sammitində Elon Maskı yüksək qiymətləndirərək onu “dövrümüzün Tomas Edisonu” adlandırıb.
Mərasim zamanı Tramp Elon Maska ABŞ-nin Milli Elm Medalını təqdim edib. Mask bu mükafata kosmik tədqiqatlar, ağıllı sistemlər, rabitə və mühəndislik sahələrinə verdiyi töhfələrə görə layiq görülüb.
Tramp çıxışında Maskın SpaceX, Starlink və Tesla vasitəsilə texnologiya sahəsində gördüyü işləri xüsusi vurğulayıb.
“Elon Mask dövrümüzün Tomas Edisonudur”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp daha sonra Maska müraciət edərək, “Bütün bunlarla yanaşı, sən mənim dostumsan. Çox xüsusi insansan”, – sözlərini deyib.
ABŞ Prezidenti Maskı həmçinin “milli sərvət” adlandıraraq onun ölkənin elm və texnologiya sahəsindəki mövqeyinin güclənməsinə verdiyi töhfələrdən danışıb.
Tramp və Mask arasında münasibətlər 2025-ci ildə açıq qarşıdurmaya çevrilmiş, tərəflər bir-biriləri haqqında sərt açıqlamalar vermişdilər. Sonrakı dövrdə isə onların münasibətləri yenidən yaxşılaşıb.

