Qətər, Misir, Pakistan və Yaxın Şərqin digər ölkələrindən olan vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
Bu barədə Amerikanın Axios portalı məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası artıq təşəbbüsü nəzərdən keçirməyə başlayıb.
“Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi veriblər. Tramp administrasiyası bu təklifi öyrənir və İsraili diplomatik imkanlar pəncərəsinin bağlanmasına səbəb olacaq addımlardan çəkinməyə çağırıb. ABŞ İranla danışıqların uğursuzluqla nəticələnə biləcəyinə də hazırlaşır”, – materialda bildirilib.
Təklif atəşkəslə yanaşı, Hörmüz boğazında gəmiçiliyin bərpasını da nəzərdə tutur. Təşəbbüsün məqsədi Tehran və Vaşinqtona dağılmaq üzrə olan qarşılıqlı anlaşma memorandumunu xilas etmək üçün vaxt qazandırmaqdır.
Hazırda tərəflərdən heç biri sənədi qəbul etməyib.
ABŞ administrasiyasındakı mənbə danışıqların davam etdiyini bildirib. Bununla belə, onun sözlərinə görə, Donald Tramp məqsədəuyğun hesab etdiyi müddətdə ABŞ-nin İrana zərbələri davam edəcək.

